Formula-1 Azərbaycan Qran-Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub
Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) İngiltərənin Birmingem şəhərində yerləşən “NEC Arena”da keçirilən 28-ci beynəlxalq avtoidman sərgisində növbəti dəfə təmsil olunub.

Stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi, Qran-Priyə bilet qazanmaq və simulyatorlarda Bakı şəhər halqasında yarışmaq imkanı təqdim olunub. Həmçinin ziyarətçilərə Formula-1-in ən yeni şəhər treki olan Bakı şəhər halqası və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.

Sərgidə Azərbaycan Qran-Prisini təmsil edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ölkəmizdə keçiriləcək Formula-1 yarışına beynəlxalq ictimaiyyətin böyük maraq göstərdiyini bildirib: “Biz Azərbaycan Qran-Prisi barədə məlumatları daha geniş auditoriyaya çatdırmaq üçün yarışı ən yüksək səviyyədə təbliğ etməyə çalışırıq. Bu möhtəşəm sərgidə ötən il də iştirak etmişdik. Ancaq bu il Bakıda keçiriləcək yarışa daha böyük maraq var. Stendimizi ziyarət edən avtoidman həvəskarları böyük həvəslə növbəti yarışı gözlədiklərini bildirdilər.

Həmçinin avtoidman sahəsi üzrə ixtisaslaşmış beynəlxalq media qurumlarının təmsilçiləri ilə də görüşlər keçirdik, onlara ilin ən yaxşı yarışına ev sahibliyi etmiş paytaxtımızda baş tutacaq növbəti möhtəşəm Formula-1 yarışı ilə əlaqədar son yenilikləri təqdim etdik. Göstərilən beynəlxalq marağa əsasən deyə bilərəm ki, bu il Azərbaycan Qran-Prisi xaricdən əvvəlki illərdəkindən daha çox avtoidman həvəskarı cəlb edəcək”.

Beynəlxalq avtoidman sərgisi hər il Formula-1 çempionatından əvvəl qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula-1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı, avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunur.

Xəbər 1094 dəfə oxundu.