Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək birinciliyin keçirilməsinin məqsədi haqqında məlumat verib. Sonra Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları barədə danışıb, idmançılara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Babək, Culfa, Kəngərli və Şərur rayonlarının idmançıları da qüvvələrini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 19 çəki dərəcəsində 60-a yaxın idmançı mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə Fikrət Abbasov, Tural Rzayev, Sinan Əbilov, Məhəmməd Fərəcov, Alişan İsmayılov, Fəxrəddin Əliyev, Nazim Abazərli, Əli Seyidov, İlkin Baxşıyev, Nizami Novruzov, Çingiz Qasımov, Kənan Şəfiyev, Hüseyn Hüseynov, Ayxan Süleymanov, Yusif Əliyev, Cəbi İsayev, Əli Vəliyev, Əli Nəbiyev və Məhəmməd Novruzov öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanıblar.

Sonda qaliblər Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Xəbər 1133 dəfə oxundu.