ÇM-2018: satışların ikinci mərhələsində 3 milyon biletə sifariş verilib
Azarkeşlər futbol üzrə 2018-ci il dünya çempionatı oyunlarına bilet satışlarının ikinci mərhələsinin gedişində 3 milyon sifariş veriblər.

FIFA-nın mətbuat xidmətinin məlumatına görə, ən çox sifariş rusiyalı azarkeşlərdən alınıb. Biletlərin 38 faizini xaricilər sifariş ediblər. Onların arasında Almaniya, Argentina, Meksika, Braziliya, Peru, Kolumbiya, ABŞ, İspaniya, Polşa və Çindən olan futbol həvəskarları çoxluq təşkil edir.

Bilet satışlarının dekabrın 5-də start götürən ikinci mərhələsi aprelin 3-dək davam edəcək. Əgər sifarişlərin miqdarı ayrılan yerlərdən çox olarsa, biletlər püşkatma yolu ilə satılacaq. Bu mərhələdə çempionatın açılış və final oyunları istisna olmaqla, bütün oyunlara bilet sifariş etmək mümkündür.

Satışların birinci mərhələsində 742 min 760 bilet paylanıb.

Xatırladaq ki, FIFA dünya çempionatı oyunlarına biletlərin qiymətini 2016-cı ilin iyulunda elan edib. Biletlər dörd qiymət kateqoriyasına bölünüb və onlardan biri xüsusi olaraq RF vətəndaşları üçündür. Açılış və final oyunları nəzərə alınmadan, üçüncü kateqoriya üzrə biletlərin qiyməti 105-285, ikinci kateqoriya üzrə 165-480, birinci kateqoriya üzrə isə 210-750 dollar arasında dəyişir.

Xəbər 1054 dəfə oxundu.