Futbol məşqçilərinin növbəti seminarına yekun vurulub
Qaradağ Təlim-İdman Bazasında “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə futbol məşqçilərinin növbəti seminarına yekun vurulub.

Beş gün davam edən seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.

Qurumun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov seminar iştirakçılarını “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından salamlayıb və onlara yeni ildə uğurlar arzulayıb. O, tədbir iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən, kiçikyaşlı futbolçuların seçimi və ələnməsi metodologiyasından söhbət açaraq uşaqlar arasından istedadların üzə çıxarılması və onların qorunmasında dünya təcrübəsindən yararlanmağın vacib olduğunu söyləyib.

Sonra FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçisi Mübariz Haşımov çıxış edərək seminar iştirakçılarına oyun qaydaları haqda ətraflı məlumat verib və məşqçilərin müxtəlif suallarını cavablandırıblar.

Seminarda futbol məşqçilərinin nəzəri və praktiki məşğələlərdə, eləcə də verilən sualların cavablandırılmasında göstərdikləri fəallıq diqqəti cəlb edib.

Xəbər 592 dəfə oxundu.