Firdovsi Umudov Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti təyin olunub
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində dəyişiklik edilib.

Federasiyanın prezidenti Fazil Məmmədovun əmri ilə qurumun birinci vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Ələkbərov tutduğu vəzifədən azad edilib.

AGF-in birinci vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Umudova həvalə edilib.

F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, Əməkdar Məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. İdmançı karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, dünya kubokunun qalibi olub. Güləşin inkişafındakı xidmətlərinə görə o, 2009-cu, 2012-ci və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

Xəbər 1020 dəfə oxundu.