KXDR və Cənubi Koreya xokkeyçiləri Olimpiadada birgə komanda şəklində çıxış edə bilərlər
2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında Koreya Xalq Demokratik Respublikasının (KXDR) və Cənubi Koreyanın qadın xokkeyçiləri birgə yığma komanda şəklində çıxış edə bilərlər.

Həmin komandanın tərkibinə KXDR-dən 3-8 qadın xokkeyçi daxil ola bilər.

Gözlənildiyinə görə, bu təklif Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Cənubi Koreya və KXDR milli olimpiya komitələrinin nümayəndələri ilə müşavirəsində müzakirə olunacaq. Yanvarın 20-də BOK-un Lozannadakı qərargahında Tomas Baxın sədrliyi ilə keçiriləcək həmin müşavirədə hər iki Koreya dövlətinin yüksəkvəzifəli məmurları da iştirak edəcəklər.

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqların birinci raundu yanvarın 9-da keçirilib. Danışıqların bu raundun yekunlarına əsasən, tərəflər Pxençxanda keçiriləcək Olimpiadaya KXDR-dən nüfuzlu hökumət nümayəndə heyəti, txekvondo üzrə komanda, azarkeşlər və artistlər göndərilməsi barədə razılığa gəliblər.

1991-ci ildə stolüstü tennis üzrə dünya çempionatında, həmçinin futbol üzrə gənclərdən ibarət komandalar arasında dünya birinciliyində də iki Koreya dövləti birgə yığma komandası ilə çıxış edib. İki ölkənin atdığı bu qarşılıqlı addımlardan əvvəl 22 raunddan ibarət çox gərgin danışıqlar aparılıb.

Xəbər 898 dəfə oxundu.