Maraqlı idman mübarizəsi şəraitində keçən Fuad Cəfərov Memorialı davam edir
Yeni ilə ölkəmizdə şahmatın inkişafına böyük töhfə vermiş unudulmaz şahmatçı, beynəlxalq hakim, Azərbaycanın Əməkdar Məşqçisi və Respublika Şahmat Mərkəzinin birinci direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərlə başlamaq artıq xoş ənənəyə çevrilib.

Artıq neçə ildir Bakıda Fuad Cəfərovun xatirəsinə həsr olunan silsilə turnirlər keçirilir. Görkəmli şahmat məşqçisinin xatirəsinə həsr olunan növbəti turnirin əsas təşkilatçısı onun yetirməsi və davamçısı, beynəlxalq dərəcəli hakim, beynəlxalq şahmat ustası İlqar Bacarani turnirə Azərbaycan ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Fransa və ABŞ-ı təmsil edən rekord sayda iştirakçı – 300–dən çox şahmatçı toplayıb.

“Anatoliya” hotelində keçirilən usta dərəcəli turnirdə 22 şahmatçı, o cümlədən 7 qrossmeyster, 7 beynəlxalq usta, 7 FIDE ustası yarışır. Əsas mübarizə təkcə kuboklar uğrunda deyil, eyni zamanda, usta norması dərəcəsi uğrunda aparılır. Yeddi turdan sonra turnir cədvəlinə 5 xal toplayan azərbaycanlı qrossmeyster Azər Mirzəyev başçılıq edir. Beynəlxalq dərəcəli iranlı şahmat ustası Araş Tahbaz, gürcüstanlı qrossmeysterlər Mixeil Kekelidze, Valerian Qaprindaşvili və daha bir İran təmsilçisi Adnan Nadimifar hərəyə 4,5 xalla 2-5-ci yerləri bölüşdürürlər.

İsveçrə sistemi üzrə keçirilən və yeddi turdan ibarət açıq tipli turnirdə 117 iştirakçı mübarizə aparır. Altı turun yekununa görə Azərbaycanın beş şahmatçısı – Şücaət Orucov, Oğuz Abışlı, Fərid Mustafayev, Samir Davidov və Şəhriyar İsgəndərov 4,5 xalla ilk sıraları öz aralarında bölüşürlər.

Həmçinin 58 şahmatçının iştirak etdiyi 10 yaşadək uşaqların yarışında Azərbaycan təmsilçisi Səid Zeynalov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Gümüş və bürünc mükafatları isə iranlı şahmatçılar Barad Yeqaneqi və Əmir Hesam Cəlalvənd qazanıblar.

Rapid turnirində 77 şahmatçı yarışıb. Turnirin Kubokunu 7 mümkün xaldan 6,5 xal toplayan FIDE ustası Araş Dağlı (İran) qazanıb. Azərbaycan nümayəndəsi Xanım Balacayeva 6 xalla gümüş medala sahib olub, iranlı Araş Taxbaz isə üçüncü nəticə göstərib.

Komandalar arasında sürətli şahmat turnirində 33 kollektiv yarışıb. Əsas mükafatı Məhəmməd Muradlı və Əhməd Əhmədzadədən ibarət “Gənc ulduzlar” komandası qazanıb. Onlar 14 mümkün xaldan 12 xal toplayıblar. İkinci yeri 11 xalla “Köhnə qvardiya” və “Alyoxin” komandaları bölüşsələr də, “Köhnə qvardiya” əlavə göstəricilərə görə rəqibini qabaqlayıb.

Fuad Cəfərov Memorialı Respublika Şahmat Mərkəzində keçirilir.

Festivala yanvarın 11-də yekun vurulacaq.

Xəbər 567 dəfə oxundu.