Bakı və Tokio cüdo üzrə dünya çempionatlarını qəbul edəcəklər
Beynəlxalq Cüdo Federasiyasının (IJF) növbəti iclasında 2018 və 2019-cu illərdə cüdo üzrə dünya çempionatlarının keçiriləcəyi şəhərlərin adları açıqlanıb: həmin şəhərlər Azərbaycanın paytaxtı Bakı və Yaponiyanın paytaxtı Tokio şəhərləridir.

IJF-in prezidenti Marius Vizer federasiyanın Bakı ilə bağlı qərarını şərh edərək deyib: “Bakının iri idman yarışları keçirməkdə böyük təcrübəsi var. Biz ənənəvi “Böyük dəbilqə” və 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmişik ki, Azərbaycan cüdo üzrə dünya çempionatını layiqincə keçirməyə qadirdir”.

Yaponiyanın nümayəndəsi, cüdonun əfsanəsi sayılan Yasuxiro Yamasita isə bildirib ki, Tokioda dünya çempionatının keçirilməsi ölkəsinin 2020-ci ilə nəzərdə tutulan Tokio Olimpiadasına hazırlıq səviyyəsini sınaqdan keçirmək imkanıdır. Dünya çempionatı cüdonun ilk dəfə Olimpiya oyunlarının proqramına daxil edildiyi uzaq 1964-cü ildə Olimpiya turnirinin keçirildiyi əfsanəvi “Nippon Budokan” arenasında olacaq.

Xəbər 1067 dəfə oxundu.