Fuad Cəfərov Memorialının ilk qalibləri müəyyən olunub
Yeni ilə ölkəmizdə şahmatın inkişafına böyük töhfə vermiş unudulmaz şahmatçı, beynəlxalq hakim, Azərbaycanın Əməkdar Məşqçisi və Respublika Şahmat Mərkəzinin birinci direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərlə başlamaq artıq xoş ənənəyə çevrilib.

Artıq neçə ildir Bakıda Fuad Cəfərov Memorialının silsilə turnirləri keçirilir. Turnirin baş təşkilatçısı, Fuad Cəfərovun yetirməsi və davamçısı, beynəlxalq dərəcəli hakim və beynəlxalq şahmat ustası İlqar Bacarani turnirə Azərbaycan, Türkiyə, İran və Rusiyanı təmsil edən rekord sayda iştirakçı – 300–dən çox şahmatçı toplayıb.

Əsas sayılan Masters turnirində 22 şahmatçı, o cümlədən 7 qrossmeyster, 3 beynəlxalq dərəcəli usta, 7 FIDE ustası iştirak edir. Turnirdə Azərbaycan şahmatçıları Azər Mirzəyev və İrandan olan beynəlxalq dərəcəli şahmat ustası Araş Taxbaz liderlik edirlər. Səkkiz şahmatçı, o cümlədən qrossmeyster Ürfan Sevdimalıyev və beynəlxalq dərəcəli usta Abdulla Qədimbəyli liderlərdən yarım xal geri qalırlar.

Açıq turnirdə 117 şahmatçı İsveçrə sistemi ilə yeddi turda gücünü sınayacaq. Üç turdan sonra bütün partiyalarda qalib gəlmiş 11 şahmatçı irəlidədir.

On yaşınadək uşaqların turnirində 5,5 xal toplamış Cəlalvənd Əmir Hisam (İran) liderdir. Azərbaycan təmsilçiləri Səid Zeynalov, İsmayıl Süleymanlı və İran nümayəndəsi Barad Yeqaneqi hərəyə 5 xal toplayıblar.

Rapid turnirində 77 şahmatçı yarışır. Turnirin Kubokunu 7 mümkün xaldan 6,5 xal toplayan FIDE ustası Araş Dağlı (İran) qazanıb. Azərbaycan nümayəndəsi Xanım Balacayeva 6 xalla gümüş medala sahib olub, Araş Taxbaz isə üçüncü nəticə göstərib.

Komandalar arasında sürətli şahmat turnirində 33 komanda yarışıb. Əsas mükafatı Məhəmməd Muradlı və Əhməd Əhmədzadədən ibarət “Gənc ulduzlar” komandası qazanıb. Onlar 14 mümkün xaldan 12 xal toplayıblar. İkinci yeri 11 xalla “Köhnə qvardiya” və “Alyoxin” komandaları bölüşüblər, amma “Köhnə qvardiya” əlavə göstəricilərə görə rəqib komandanı üstələyib.

Festival yanvarın 11-də başa çatacaq.

Fuad Cəfərov Memorialı Respublika Şahmat Mərkəzində keçirilir.

Xəbər 626 dəfə oxundu.