Cüdoçu Rüstəm Orucov: Mən Bakıda keçirilən dünya çempionatında qalib olmağı arzulayıram
Ötən il Avropa çempionatında 5, mundialda 4 mükafat qazanan cüdo üzrə Azərbaycan yığması üçün çox məhsuldar olub. Rüstəm Orucov (73 kq) hər iki yarışda fərqlənib. O, http://azerijudo.com/ saytına verdiyi müsahibəsində ötən mövsüm barədə fikirlərini bölüşüb, həmçinin gələcək planları barədə danışıb.

Rüstəm hesabına ilk mükafatını 2017-ci ildə Bakıda keçirilən “Böyük dəbilqə” yarışlarında üçüncü yeri tutmaqla daxil edib. Daha sonra Varşavada Avropa çempionatında bürünc, İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb. Sonra Budapeştdə keçirilən dünya çempionatında ikinci yeri tutub, Zaqreb Qran-Prisində qalib olub və Abu-Dabi “Böyük dəbilqə”sində ilk üçlüyü qapayıb.

R.Orucov bildirib: “Əgər son illəri müqayisə etsək, 2016-cı il mənim yaddaşımda, ilk növbədə, Avropa çempionatında qələbə ilə qalıb. Finalda mən Olimpiya çempionu Laşi Şavdatuaşviliyə qalib gəlmişdim. Ötən mövsümə gəlincə, yaddaqalan məqamlar lazımi qədər çox olub. Ümumiyyətlə, 2017-ci il də mənim üçün uğurlu sayıla bilər – Avropa çempionatında yenə mükafatçılar sırasına düşdüm, İslam Oyunlarında şəxsi hesabda gümüş medal qazandım, sonra komanda birinciliyində yığmamızın qalib gəlməsinə kömək etdim. Ötən il mənim ən böyük uğurum isə mundialda gümüş medal qazanmağım oldu”.

Diqqətəlayiqdir ki, ona gümüş qazandıran Rio Olimpiadasından sonra nəzərdə tutduğu yaxın planlarından danışarkən R.Orucov dünya çempionatını xüsusi vurğulayıb. Burada o, mükafatçılar sırasına daxil olmaq niyyətində idi. Cüdoçumuz buna nail oldu. Finalda Yaponiya güləşçisi Soiçi Haşimoto ilə bərabər döyüşdə Rüstəm əlavə ayrılan vaxtda təslim olsa da, çox ləyaqətli görünürdü.

R.Orucov deyib: “Mən dünya çempionatında ilk medalımı qazanmışam və ötən ili uğurlu hesab edə bilərəm. Amma bununla kifayətlənmək fikrində deyiləm. Bütün mübarizə hələ irəlidədir. Mən 2018-ci ilin mundialını qazanmaq arzusundayam. Çünki yarışlara Bakı ev sahibliyi edəcək. Bu, hər mənada xüsusi start olacaq”.

Qeyd edək ki, Azərbaycan cüdoçusu mövsümü dünya reytinqi üzrə üçüncü yerdə başa vurub, liderliyi isə ötən ildə tayı-bərabəri olmayan Soiçi Haşimoto qoruyub saxlayıb.

Xəbər 1185 dəfə oxundu.