Şəhriyar Məmmədyarov FIDE-nin yanvar ayı üçün reytinq siyahısında əmsalını 2804 xala çatdırıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların 2018-ci ilin yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov üçüncü sıradakı mövqeyini daha da möhkəmləndirib. Şahmatçımız əmsalını 2804 xala çatdırıb. O, FIDE-nin dekabr ayı üçün reytinq siyahısındakı əmsalını 5 xal yaxşılaşdırıb.

Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2748) dekabr ayı ilə müqayisədə iki pillə geriləyərək 19-cu sırada qərarlaşıb. Öz əmsalını və mövqeyini qoruyan Rauf Məmmədov (2709) 40-cı, iki pillə irəliləyən Arkadi Naydiç (2701, ötən ay 2705) isə 41-ci sıradadırlar.

Reytinq siyahısına hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2837) başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2811 xalla ikinci yerdədir.

Xəbər 1120 dəfə oxundu.