Daxili İşlər Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Dekabrın 29-da Daxili İşlər Nazirliyi (DİN) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkə ərazisində dopinq vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələləri müzakirə olunub.

Qeyd edilib ki, təmiz idmana ciddi ziyan vuran güclü təsir edən maddələrin idmançılar arasında istifadəsinin qarşısını almaq məqsədilə iki qurum arasında sıx əməkdaşlıq həyata keçiriləcək. Bu əməkdaşlığın antidopinq siyasətinin gücləndirilməsi üçün mühüm rol oynadığı bildirilib.

Dopinqlə mübarizə çərçivəsində antidopinq qaydalarına əsasən, araşdırmalar üzrə idmançılar və onlara dəstək heyəti barədə idmançıların ölkəyə giriş-çıxışı və digər məlumatların, həmçinin güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxslər barədə məlumat mübadiləsinin aparılması razılaşdırılıb.

Sonra DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli əməkdaşlıq memorandumunu imzalayıblar.

Xəbər 1032 dəfə oxundu.