Avropa Badminton Konfederasiyası Yeni il münasibətilə Azərbaycan Badminton Federasiyasını təbrik edib
Avropa Badminton Konfederasiyasının baş katibi Brayan Agerbak Yeni il münasibətilə Azərbaycan Badminton Federasiyasına (ABF) məktub ünvanlayıb.

Məktubda 2017-ci ilin Avropa Badminton Konfederasiyası üçün maraqlı il olduğu, qitədə bir çox genişmiqyaslı yarışların keçirildiyi və badmintonçuların gözəl nəticələrə imza atdığı vurğulanıb.

Məktubda deyilir: “Badmintonda kütləviliyə nail olmaq üçün atdığınız addımlara görə sizə təşəkkür edirik. 2017-ci ildə ölkənizdə qeydiyyata alınmış badmintonçuların sayının artması məni xüsusilə sevindirir. Biz bir neçə il əvvəl strateji planımıza uyğun olaraq, Avropa üzrə qeydiyyata alınmış badmintonçuların sayının bir milyona çatdırılmasını qarşımıza hədəf qoymuşduq. Bildiyiniz kimi, biz Avropa Badminton Konfederasiyası olaraq, bu yolda vasitəçi rolunu oynayırıq. Bu planın həyata keçirilməsində əsas yük sizlərin – federasiyaların üzərindədir. Statistikaya baxsaq, görərik ki, 2017-ci ildə Avropa üzrə rəsmi qeydiyyata alınmış badmintoçuların sayı 862 min 131-ə yüksəlib. Bu isə ötən illə müqayisədə 3,28 faiz artım deməkdir. Biz bu tempdə davam edəcəyimiz təqdirdə, 2020-ci ildə qeydiyyata alınmış badmintonçuların sayını 950 min nəfərə yüksəldə bilərik”.

Brayan Agerbak məktubunda qarşıda hələ görüləsi çox işin olduğunu vurğulayaraq yazıb: “Ümidvarıq ki, siz bu sahədə səmərəli fəaliyyətinizi uğurla davam etdirəcəksiniz. İnanırıq ki, gələcək əməkdaşlığımız bu sahədə müsbət dəyişikliklərə səbəb olacaq və biz bununla fəxr edəcəyik. 2018-ci ilə az vaxt qalır. Gəlin bir məqsəd uğrunda mübarizə aparaq və daha çox insanın əlinə raketka alıb badminton ailəmizin üzvü olmasına yardımçı olaq”.

Xəbər 1374 dəfə oxundu.