İdman xadimi Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçirilib
“AAAF Park” Yaşayış Kompleksində Əməkdar Məşqçi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçirilib.

Gənclər və idman nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Hacıbaba Əsgərovun ölkəmizdə idmanın ağır atletika növünün inkişafındakı xidmətlərindən danışıb. O, ölkəmizdə idmanın bu növü üzrə atlet, məşqçi, hakim, mütəxəssis nəslinin yetişməsində əvəzsiz xidmətləri olan Hacıbaba Əsgərovun xatirəsinə həsr edilən turnirin əhəmiyyətini yüksək qiymətləndirib.

Hacıbaba Əsgərovun qızı Gülarə Nərimanova çıxışında atasının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə Gənclər və İdman Nazirliyinə, AAAF-a minnətdarlığını bildirib.

AAAF-ın vitse-prezidenti, “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov ölkəmizdə idmana göstərilən diqqət və qayğı nəticəsində ağır atletikanın da sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanda ağır atletika idmanın inkişafında xüsusi töhfəsi olan Hacıbaba Əsgərovun xatirəsinə həsr olunan turnirin önəmini qeyd edən T.Heydərov ölkə idmanının inkişafında xidmətləri olan şəxslərin xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıb.

Yarışda qadınlardan və kişilərdən ibarət yığma komandaların əsas üzvləri, həmçinin veteran atletlər iştirak ediblər.

Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadınların mübarizəsində 157 kiloqram (66+91) nəticə ilə 236,45 Sinkleyr xalı qazanan Səbinə Əzimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. İkinci yeri 141 kiloqram (63+78) nəticə və 222,76 xalla Mərziyyə Məhərrəmova, üçüncü yeri isə 157 kiloqram (71+86) və 220,97 xalla Gülçin Əlizadə tutublar.

Kişilərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə Rövşən Fətullayev çıxıb. IV İslam Oyunlarının bürünc mükafatçısı bu yarışda toplam 360 kiloqram (160+200) çəkinin öhdəsindən gəlib və 399,92 xalla turnirin qalibi adını qazanıb. İkinci yerə 274 kiloqram (121+153) nəticə və 384,81 xalla Məhəmməd Məmmədli, üçüncü yerə isə 288 kiloqram (127+161) nəticə və 372,04 xalla Kənan Əliquliyev layiq görülüblər.

Ustad ağır atletlərin mübarizəsində 233 kiloqram (103+130) nəticə və 346,98 xalla Zəfər Tağıyev yarışın qalibi olub. Gümüş medala 150 kiloqram (70+80) nəticə və 339,05 xalla Akif Alıyev, bürünc medala isə toplam 255 kiloqram (110+145) nəticə və 335,92 xalla Natiq Həsənov layiq görülüblər.

Qalib və mükafatçılara, eləcə də bir qrup şəxsə diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1147 dəfə oxundu.