“Təhsil liqaları”na start verilib
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Kompleksində basketbolçulardan ibarət komandalar arasında 2017-2018-ci il üzrə “Təhsil liqaları”na start verilib.

13 (U-13) və 15 yaşadək (U-15) komandalar arasında təşkil edilən “Təhsil liqaları”nın keçirilməsinin məqsədi yaş qrupları üzrə ən yaxşı basketbolçuların aşkarlanması, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsidir.

Təhsil Nazirliyi, Azərbaycan Basketbol Federasiyası və idman ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri açılış mərasimində basketbol idman növünə uşaq və yeniyetmələrin cəlb edilmələri, istedadlı idmançıların aşkara çıxarılmaları baxımından liqaların əhəmiyyətindən danışılıb. Həmçinin belə uşaq-gənclərin idmana maraqlarının artmasında tədbirlərin müsbət rolu vurğulanıb.

Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu və solistlər çıxış ediblər.

Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır.

İki dövrədən ibarət olan liqaların oyunları 2018-ci ilin iyununda başa çatacaq.

Xəbər 1386 dəfə oxundu.