Azərbaycan Milli Antidopinq Agentliyi il ərzində səmərəli fəaliyyət göstərib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017-ci ildə İSO 9001:2015 beynəlxalq sertifikatını qazanıb ki, bu da antidopinq sahəsində mühüm nailiyyət hesab olunur.

Bunu hesabat ilində AMADA tərəfindən görülən işlərin yekunlarına həsr olunan mətbuat konfransında qurumun direktoru Şəfəq Hüseynli söyləyib.

Ş.Hüseynli bildirib ki, 2017-ci ilin noyabrında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) növbəti iclasında AMADA-nın ötən bir il ərzində gördüyü işlər yüksək qiymətləndirilib və Azərbaycan antidopinq sahəsində böyük addımlar atan və inkişaf edən nümunəvi ölkə kimi qeyd edilib.

AMADA-nın müsbət təcrübəsini bölüşməsi üçün bu qurumun direktoru ÜADA-nın dəvəti ilə 2018-ci ilin martında keçiriləcək mötəbər simpoziuma dəvət olunub.

Diqqətə çatdırılıb ki, gələn ilin noyabrında Bakıda ÜADA İcraiyyə Komitəsi və Təsisçilərin Ümumi Yığıncağının konfransı keçiriləcək. 2018-ci ildə Koreya Respublikasında baş tutacaq Qış Olimpiya Oyunları zamanı ÜADA-nın dəvəti ilə AMADA-nın iki əməkdaşı maarifləndirmə proqramında və dopinq nəzarətində iştirak edəcək. Cari ildə AMADA ÜADA-nın yekun hesabatını uğurla təhvil verib və bu, beynəlxalq qurum tərəfindən müsbət qiymətləndirilib. Dopinqə qarşı mübarizəni gücləndirmək məqsədilə AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsi barədə qanunvericilikdə, xüsusən Cinayət və İnzibati Xətalar məcəllələrində müəyyən dəyişikliklərin olunması layihəsini hazırlayıb və müvafiq qurumlara təqdim edib. Bu dəyişikliklər Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək. “Yaşıl qal!” ekoloji və iqtisadi cəhətdən təmiz fəaliyyət və təmiz idmanın təbliği üçün AMADA yaşıl ofis sisteminə keçir və buna dair müvafiq addımlar atır.

Mətbuat konfransında bildirilib ki, AMADA ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılması üçün müxtəlif qurumlarla əməkdaşlıq edir. Ölkədə fəaliyyət göstərən respublika idman federasiyaları ilə memorandum imzalanıb. Memorandumun mövzusu antidopinq qaydalarının tanınması, idmançıların maarifləndirilməsi və dopinqlə birgə mübarizədir.

Xəbər 719 dəfə oxundu.