London Yay Olimpiya Oyunlarına lisenziya turnirləri başlayır
Aprelin 20-22-də Bolqarıstan paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. Güləş federasiyasından idman.com.az saytına verilən məlumata görə, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində yarışacaq. Baş məşqçi Saypulla Absəidov və böyük məşqçi Firdovsi Umudov bu sınaqda Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Xetaq Qazyumov (96 kq, Aslanbəy Alborova (ehtiyat)) şans verəcək. Xatırladaq ki, seçməmiz digər 4 çəkidə Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) olimpiadaya vəsiqəni artıq təmin edib.

Yunan-roma güləşçiləri məşqçilər Saleh Bora və Mütəəlib Yerliqayanın rəhbərliyi ilə 5 çəki dərəcəsində olimpiya lisenziyası hədəfləyib. Həsən Əliyev (60 kq, Kamran Məmmədov (ehtiyat), Vitali Rəhimov (66 kq), Rüstəm Əliyev (ehtiyat), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq), Maksim Proxorov (ehtiyat) Bolqarıstana yollanacaq heyətdə yer alıblar. Bu proqramda Rövşən Bayramov (55 kq) və Saman Təhmasibi (84 kq)) ötən il İstanbulda keçirilmiş dünya çempionatında Londona artıq vəsiqəni özlərinə təmin ediblər.

Qadın güləşçilər olimpiya oyunlarında 4 çəki dərəcəsində mübarizə aparırlar. Mariya Stadnikin sayəsndə (48 kq) hələlik 1 lisenziyamız var. Bolqarıstanda təşkil olunacaq turnirdə yığmamız Yuliya Ratkeviç (55 kq), İrina Netreba (63 kq), Nadya Sementsova (ehtiyat) və Dina İvanova (72 kq) ilə təmsil olunacaq.

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya kateqoriyalı referi Əjdər Cəfərov Sofiyada təşkil olunacaq ilk lisenziya turnirində ölkəmizi hakim kimi təmsil edəcək. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 güləşçi (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Xəbər 1060 dəfə oxundu.