Cüdo üzrə Azərbaycan çempionatının birinci gününün qalibləri mükafatlandırılıb
Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub.

Çempionatın birinci gününün yekununda oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə 60 kiloqram çəki dərəcəsində Vüqar Şirinli (Qəbələ), 66 kiloqram çəki dərəcəsində isə Tərlan Kərimov (Dinamo Sumqayıt) qalxıblar.

Qızların mübarizəsində isə qızıl medallara Leyla Əliyeva (48 kq, Neftçi), Purevsuren Buyanxişiq (52 kq, Neftçi), Ülviyyə Rəhimli (57 kq, UGİM-1), İrina Jukovets (63 kq, Atilla), Günel Həsənli (70 kq, Zirvə), Nurana Muradova (78 kq, Sumqayıt idman məktəbi) və Gözəl Zutova (78 kq-dan yuxarı, Zaqatala) sahib olublar.

Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim olunub.

Mükafatları idmançılara Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yatskeviç, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Mikayıl İsmayılov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, tanınmış cüdo xadimləri təqdim ediblər.

Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır.

Yarışa dekabrın 28-də yekun vurulacaq.

Xəbər 1135 dəfə oxundu.