Cənub Regional Futbol Federasiyası ilin ən yaxşılarının adlarını açıqlayıb
Cənub Regional Futbol Federasiyası bölgəni təmsil edən rayonlarda klub, idarə, müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla, “İlin ən yaxşıları”nı müəyyən edib. Səkkiz nominasiyada “ən yaxşılar” seçilib.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin sədri İsgəndər Cavadov Region Liqasının təşkilində və keçirilməsində fəaliyyətinə görə “İlin futbol adamı” adına layiq görülüb.

AFFA-nın cənub bölgəsinin müxtəlif yaş qrupları üzrə Lənkəran və Cəlilabad şəhərlərində keçirilən yarışların nəticələrinə əsasən “U-10 Liqası”nda Kərim Tağıyev, Ümid Qurbanov, “U-11 Liqası”nda Elcan Sultanlı, Ələkbər Rzazadə, “U-12 Liqası”nda Rəfael Həsənov, Elmar Məmmədov, “U-13 Liqası”nda Rəfael Qurbanov, Ələkbər Hüseynov, “U-14 Liqası”nda Rəşad Manafov, Nihad Cabbarov “İlin ən gənc bombardir futbolçuları” seçiliblər.

“İlin ən yaxşı futbol məşqçiləri” adına Namik Qarayev (“Zirvə”, Lənkəran), Röyal və Xəyal Abbasovlar (“Xəzər-Lənkəran”), Ramil Həsənov (“Ərkivan”, Masallı) və Ümid Hüseynov (“Boradigah”, Masallı) layiq görülüblər.

“İlin ən yaxşıları”nın arasında Rövşən Süleymanovun (Masallı), Fəryaz İbayevin (Yardımlı), Afaq Qurbanovun (Astara), Mehman İbrahimovun (Neftçala) və başqalarının da adları var.

Xəbər 1180 dəfə oxundu.