Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
Dekabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2017-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edən 2017-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir il ərzində idmançılarımızın beynəlxalq arenalarda 851 medal qazandıqlarını, Azərbaycanın mötəbər beynəlxalq idman turnirlərinə, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-Prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda döyüş idman növləri ilə yanaşı, intellektual idman növlərinin də uğurla inkişaf etdiyini deyib, şahmat üzrə Azərbaycan millisinin üçüncü dəfə Avropa çempionu olmasını xatırladıb. “Qarabağ” klubunun Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığını diqqətə çatdıran Ç.Hüseynzadə bütün bu nailiyyətlərin əsasında Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmana yüksək diqqət və qayğısının dayandığını qeyd edib Diqqətə çatdırıb ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib.

Sonra müxtəlif nominasiyalar üzrə 2017-ci ilin ən yaxşıları mükafatlandırılıb.

Üçqat dünya çempionu adını qazanan güləşçi Hacı Əliyev, boksçu Məhəmmədrəsul Məcidov, eləcə də futbolçu Rəşad Heydərov, taekvondo üzrə dünya çempionu Milad Beigi Herçəqani və digər idmançılar “İlin ən yaxşı idmançıları” nominasiyasında qalib elan olunublar.

“İlin ən yaxşı məşqçiləri” nominasiyasında Rəşad Əhmədov (taekvondo), Elçin İsmayılov (cüdo), Ziyad Xəlifəyev (atletika), Faiq Qarayev (voleybol) və Qurban Qurbanov (futbol) təltif ediliblər.

İdman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə mükafata Azərbaycan Voleybol Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti layiq görülüb.

Azərbaycan Cüdo Federasiyası “İlin ən yaxşı federasiyası” nominasiyasının qalib olub.

“Qarabağ” futbol klubu “İlin ən yaxşı klub komandası”, şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması isə “İlin ən yaxşı komandası” seçiliblər.

“İlin ən yaxşı idman təşkilatı” adına “Neftçi” və “Zirvə” idman klubları, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti layiq görülüblər.

Tədbirdə, həmçinin ilin ən yaxşı idman hakimləri, idman qurğuları, ən fəal idman veteranı, idman həkimi, ən yaxşı Uşaq Gənclər İdman Məktəbi, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri müəyyənləşib.

Xəbər 1987 dəfə oxundu.