Azad Rəhimov: Bu il Azərbaycan idmançıları beynəlxalq arenalarda 851 medal qazanıblar
Azərbaycan idmançıları 2017-ci il ərzində beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında, kubok turnirlərində 851 medal - 347 qızıl, 236 gümüş və 268 bürünc qazanıblar.

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov dekabrın 25-də ilin idman yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Müxtəlif idman yarışlarında qazanılan medallar haqqında məlumat verən A.Rəhimov deyib ki, il ərzində ölkəmizdə 219 yerli, 55 beynəlxalq yarış keçirilib. Həmçinin 234 beynəlxalq yarışda ölkəmizin yığma komandalarının iştirakı təmin olunub: “Boksçularımız Almaniyada keçirilən kişilər arasında dünya çempionatında bir qızıl və bir bürünc medala layiq görülüblər. Məhəmmədrəsul Məcidov üçüncü dəfə dünya çempionu adına layiq görülüb. Antalyada gənclər arasında Avropa birinciliyində boksçularımız iki qızıl və iki bürünc medalla komanda hesabında dördüncü olublar. Koreya Respublikasında keçirilən taekvondo üzrə böyüklər arasında dünya çempionatında idmançılarımız iki qızıl medala layiq görülüblər. Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanılıb. Parisdə isə sərbəst güləş üzrə dünya çempionatında bir qızıl və iki bürünc medal əldə olunub. Hacı Əliyev üçüncü dəfə dünya çempionu adını qazanıb. Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclərin dünya birinciliyində idmançılarımız aktivlərinə bir qızıl, bir gümüş, beş bürünc medal yazdırıblar. Cüdo üzrə böyüklərdən ibarət yığma komandamız Macarıstanda keçirilən dünya çempionatında iki gümüş, iki bürünc medal qazanıb. Yığma komandamız Sloveniyanın Maribor şəhərində gənclər arasında Avropa birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında birinci yerə layiq görülüb”.

Qeyri-Olimpiya idman növlərindən universal döyüş növünün müxtəlif versiyaları üzrə Ukraynada keçirilən Avropa çempionatında 7 medalın əldə olunduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, Rusiyanın Stavropol şəhərində tamblinq gimnastikası üzrə açıq Rusiya turnirində üç idmançımız öz yaş qruplarında qızıl medallara layiq görülüblər. Azərbaycan Tayvanın Taypey şəhərində tələbələrin 29-cu Ümumdünya Yay Universiadasına 29 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Ümumilikdə 134 ölkədən 7700-dən çox atletin idmanın 21 növü üzrə mübarizə apardığı yarışda Azərbaycan millisi idmanın dörd növündə 8 medal (3 qızıl, 1 gümüş, 4 bürünc) əldə edib. Həmçinin Rusiyanın Ulyanovsk şəhərində MDB-yə üzv dövlətlərin milli idman növləri üzrə I festival və idman oyunlarında idmançılarımız 21 medal - 5 qızıl, 6 gümüş və 10 bürünc qazanıblar.

Nazir vurğulayıb ki, 2017-2020-ci illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı, idmançılarımızın XXXII Yay Olimpiya Oyunlarına hazırlıq konsepsiyasının layihəsi, 2018-ci il üçün idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları artıq hazırlanıb.

Gənclər sahəsi üzrə görülmüş işlərdən danışan nazir vurğulayıb ki, cari ildə 141 tədbir keçirilib ki, onlardan 123-ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Bu dövrdə gənclər təşkilatlarının 109 layihəsi maliyyələşib, 261 nəfər xarici ölkələrə ezam olunub, 2334 nəfər isə Azərbaycanda qəbul edilib. Fevralın 2-də elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş altı gənc “Gənclər üçün Prezident Mükafatı” ilə təltif edilib. Azərbaycan Gəncləri Günü münasibətilə 28 istedadlı və yaradıcı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. 2017-ci ildə Balakən rayonu “Azərbaycanın Gənclər Paytaxtı” elan olunub.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birgə “Gənc alim və mütəxəssislərin dördüncü xüsusi “Mənim ilk qrantım” adlı müsabiqə keçirilib. Həmçinin Bakıda intellektual oyunlar üzrə “Xəzər Kuboku” VI Beynəlxalq turnirdə 7 ölkədən 200-dək gənc iştirak edib. Avqustda Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu, Bakıda 41-ci Dünya Skaut Konfransı keçirilib. Hər iki tədbirdə 166 ölkədən 1500-dən artıq skaut iştirak edib. Bu, 40 milyon gənci əhatə edən Dünya Skaut Hərəkatı Təşkilatının yüz illik tarixində iştirakçıların sayına görə ən böyük tədbir olub. Bundan başqa, “İslam Həmrəyliyi İli” ilə əlaqədar iyirmiyədək müsəlman ölkəsinin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilən esse yazı müsabiqəsinin qalibi olan 67 gəncin Azərbaycana səfəri təşkil olunub.

İl ərzində gənclər məsələləri ilə bağlı keçirilən bir neçə mühüm toplantıda, o cümlədən Nyu-Yorkda BMT-nin İqtisadi və Sosial Şurasının “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” mövzusunda altıncı Gənclər Forumunda, Türk Şurasının gənclər və idman məsələlərindən məsul nazirlərinin II iclasında, Zaqrebdə Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyasında, Monakoda Sülh və İdman Beynəlxalq Forumunun 10-cu iclasında və digər mötəbər tədbirlərdə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti fəal iştirak edib.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 1952 dəfə oxundu.