KİVDF müsabiqənin nəticələrini açıqladı
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş müsabiqənin 2017-ci il oktyabrın 25-dən dekabrın 12-dək "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirildiyini bildirib.

Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Camaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 114 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, "İdman” qəzetinin əməkdaşı Aynurə Aşırova da mükafatlandırılan jurnalistlər sırasında olub.

Xəbər 1176 dəfə oxundu.