Həndbol üzrə son ölkə çempionu olan “Nur” komandası turnir cədvəlində bir pillə geriləyib
Qadın həndbolçular arasında Azərbaycan çempionatında VIII tura yekun vurulub.

“Azəryol” komandası “İdman Akademiyası” təmsilçilərinə böyük hesabla qalib gəlib - 31:13. “Azərsu” həndbolçuları isə “Gənclərbirliyi” kollektivini 40:24 hesabı ilə asanlıqla məğlub edib.

Xatırladaq ki, VIII turun qadınlar arasında ilk qarşılaşmasında “Nur" və "Qarabağ” komandaları üz-üzə gəliblər. Mingəçevirdə Kür Olimpiya İdman Mərkəzində keçirilən görüşdə qonaqlar meydan sahiblərindən 27:25 hesabı ilə üstün olublar.

Bu nəticələrdən sonra aktivindəki xalların sayını 14-ə çatdıran “Azəryol” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərsu” kollektivi 13 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 9 xalla “Qarabağ” həndbolçuları tamamlayırlar. Ötən il ölkə çempionu olan “Nur” komandası isə bir pillə geriləyərək dördüncü pilləyə düşüb. Mingəçevir təmsilçiləri 8 turdan sonra 8 xal toplaya biliblər. “Gənclərbirliyi” və “İdman Akademiyası”nın kollektivləri 2 xalla beşinci və altıncı yerləri bölüşürlər.

AZƏRTAC

Xəbər 938 dəfə oxundu.