Fateh Sani: Mingəçevirdəki reqataya hər il qatılacağıq - MUSAHİBƏ
Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində yenicə başa çatan beynəlxalq Prezident kuboku-2012 reqatasında Türkiyənin kayak üzrə kişilərdən ibarət milli komandası da iştirak edirdi. İdman.com.az saytının məlumatına görə, nümayəndə heyətinin rəhbəri, Türkiyə Kanoe Federasiyasının I vitse-prezidenti Fateh Sani Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində yarış barədə fikirlərini bildirdi:

- 16–17 mayda Polşanın Poznan şəhərində keçiriləcək Avropa Olimpiya Təsnifatına hazırlaşırıq. Beynəlxalq Prezident kuboku-2012 reqatasına da hazırlıq məqsədilə gəlmişdik. Ötən ilin noyabrında burada keçirilmiş başqa bir yarışa – beynəlxalq Mingəçevir reqatasına qatılmışdıq. Hər iki reqatada Azərbaycan Milli Avarçəkmə Federasiyası bizi çox yaxşı qəbul etdi. Burada özümüzü həqiqətən də evimizdəki kimi hiss edirik. Ona görə də Mingəçevirdə olmaqdan, yarışlara qatılmaqdan çox məmnunuq. İki ölkə arasındakı dostluq-qardaşlıq münasibətlərinin idmanda da, o cümlədən, kayak və kanoe növlərində də davam etməsini çox istəyirik.

- Beynəlxalq Prezident Kuboku-2012 reqatasına neçə idmançı ilə qatılmışdınız?
- Bura 6 kişi kayakçı gətirmişdik. Onlardan 3-ü 18 yaşadək, 3-ü isə 23 yaşadək idi. Ümumiyyətlə, Türkiyə kayak yığması gənc heyətə malikdir. Ən yaşlı kayakçımızın 22 yaşı var. Qadın kayakçılarımız hələ çox yaxşı hazırlıq səviyyələrində olmadıqlarından, millidə yer ala bilməyiblər.

- Kayakçılarınızın göstərdikləri nəticələrdən razı qaldınız?
- 4 yürüşdə qızıl, daha 4-də gümüş, 3-də isə bürünc medal qazandıq. Başqa sözlə, iştirak etdiyimiz bütün yürüşləri medalla tamamladıq.

- Bəs bu reqatanın təşkilatçılıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Prezident kuboku beynəlxalq reqatadır. Bəlkə çox da ölkə qatılmadı, amma yüksək səviyyəli idmançılar mübarizə apardılar. Məsələn, ukraynalı kayakçı İnna Osipenka-Radomskaya olimpiya çempionudur. Azərbaycan kanoe yığmasının heyətində dünya çempionu və mükafatçıları var. Elə bizim komandanın tərkibində də ötən il gənclər arasında Avropa çempionu olmuş Mustafa Gülbahar çıxış etdi. Gözəl bir yarış oldu. Burada hər kəs əlindən gəldiyi qədər bizim rahat olmağımıza çalışdı. Biz də özümüzü rahat hiss etdik. Mingəçevirdəki reqata artıq hər il qatılacağımız ənənəvi yarışa çevrildi.

Xəbər 1281 dəfə oxundu.