Kyokşin karate üzrə açıq respublika çempionatının açılış mərasimi olub
Dekabrın 23-də Gənclər və İdman Nazirliyi, Döyüş Növlər Şurası və Azərbaycan Kyokşin Karate Federasiyası (AKKF) birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında XIX açıq respublika çempionatının açılış mərasimi keçirilib.

Mərasimdə AKKF-nin vitse-prezidenti və Beynəlxalq Şinkyokşin Federasiyasının Azərbaycan nümayəndəsi altıncı dan qara kəmər ustası Allahverdi Rüstəmov hamını salamlayaraq idmançılara uğurlar arzulayıb.

A.Rüstəmov bildirib ki, Azərbaycanda kyokşin karate inkişaf etməkdədir. Sevindirici haldır ki, bu idman növü üzrə beynəlxalq arenalarda bayrağımız dalğalanır və idmançılarımız fəxri kürsüdə yer alırlar.

Rəsmi hissədən sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış mərasimindən sonra çempionatda bütün yaş kateqoriyalarında kişi və qadın idmançılar arasında qalib adı uğrunda mübarizə davam edib.

Qeyd edək ki, çempionatda 250-ə yaxın idmançı iştirak edir və yarışın keçirilməsində əsas məqsəd növbəti il üçün yığma komandanın formalaşmasıdır.

Xəbər 1042 dəfə oxundu.