“Real Madrid” və “Barselona” klubları qarşı-qarşıya gələcəklər
Dekabr 23-də İspaniya La Liqasında “Real Madrid” və “Barselona” klubları qarşı-qarşıya gələcəklər.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, “El Klassiko” adlanan oyunda meydançaya dünyanın ən bahalı futbolçularına malik iki komanda çıxacaq.

“Real Madrid” klubu 743,8 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. “Barselona” isə 706,5 milyon avro ilə Madrid təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırkı bazar qiyməti, ümumilikdə, 1 milyard 450 milyon 300 min avrodur.

“Real Madrid”in ən qiymətli futbolçusu portuqaliyalı Kriştiano Ronaldodur (100 milyon avro). Uelsli Qaret Beyl 80 milyon avro ilə ikinci sırada yer alır. Sonrakı yerlərdə almaniyalı futbolçu Toni Kros (70 milyon), fransalı hücumçu Kərim Benzema (60 milyon avro) qərarlaşıb.

İki komandanın heyətindəki oyunçular arasında isə ən bahalı futbolçu “Barselona”nın argentinalı ulduzu Lionel Messidir. O, 120 milyon avro dəyəri ilə siyahının zirvəsində yer alır. Uruqvaylı hücumçu Luis Suarez 90 milyon avro dəyəri ilə ikinci, Sergio Busqets 60 milyon avro ilə üçüncü yeri tutur. Türkiyəli Arda Turanın qiyməti isə 15 milyon avrodur.

“Barselona” sabahkı oyunda qalib gələcəyi təqdirdə “Real Madrid”lə arasındakı xal fərqini 14-ə çatdıraraq çempionluq yolunda indidən böyük üstünlük əldə edəcək.

Xatırladaq ki, dünyada milyonlarla tamaşaçının böyük maraqla gözlədiyi bu oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 550 dəfə oxundu.