Olimpiya, Avropa və dünya çempionlarımız şagirdlərlə görüşüblər
Avropa və dünya çempionatında, Olimpiya Oyunlarında uğurla çıxış edərək ölkəmizin idman şərəfinin təbliğində mühüm xidmətlər göstərən idmançıların bir qrupu ilə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada görüş keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Görüşdə qarışıq döyüş növləri (MMA) üzrə idmançı Azad Rəhimov, sərbəst güləşçi Hacı Əliyev, cüdoçu Elxan Məmmədov, yunan-Roma güləşçisi Rəsul Çunayev, peşəkar kikboksçu, uşu-sandaçı və K-1 döyüşçüsü Pərviz Abdullayev iştirak ediblər.

Tədbirdə idmançıların beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə gimnaziyanın beynəlxalq yarışlarda ölkəmizə medal qazandıran şagirdləri təqdim edilib, onların uğurları barədə məlumat veriblər.

Həmçinin gimnaziyanın estafet yarışında qalib gələn altıncı sinif şagirdlərinə medal və diplomlar təqdim olunub.

Sonda idmançılar şagirdlərə karyeraları, idman uğurları, ölkəmizdə idmanın inkişafı və s. barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

Xəbər 496 dəfə oxundu.