Məktəblilər velosiped idmanı üzrə Yeni İl Olimpiadasında iştirak edirlər
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə, həmçinin velosiped idman növünə marağı artırmaq məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası və “İSMA” Velosiped Zavodunun birgə təşkilatçılığı, Bakı şəhər Təhsil İdarəsi və “IB Klub”un dəstəyi ilə dekabrın 30-dək Respublika Velotrekində V- VII sinif şagirdləri üçün Yeni İl Olimpiadası keçiriləcək.

Tədbir çərçivəsində məktəblilər Respublika Velotrekində yerləşən Velosiped Muzeyi, "İSMA” velosipedlərinin sərgi-satış mərkəzi, Velosiped Treki, BMX stadionu, idmançıların təlim-məşq şəraiti ilə tanış olacaq, Azərbaycan tarixi və velosiped idmanına aid suallardan tərtib olunmuş bilik yarışında iştirak edəcəklər.

Olimpiadanın sonuncu günündə - dekabrın 30-da ilkin mərhələlərdə yüksək nəticə göstərmiş şagirdlər final mərhələsində mübarizə aparacaq və qaliblərə federasiya tərəfindən diplom, həmçinin "İSMA” zavodunun istehsalı olan velosipedlər hədiyyə ediləcək.

Xəbər 1081 dəfə oxundu.