Atçılıq Federasiyasının rəsmisi: Gələcəkdə Azərbaycanda peşəkar çövkən liqası yaradılacaq
Respublika Atçılıq Federasiyasının çövkən milli oyunu ilə bağlı gələcək planlarına Azərbaycanda peşəkar çövkən liqasını yaratmaq və bütün regionların komandalarını həmin liqaya cəlb etmək daxildir. Bu, çox böyük layihədir və onun reallaşması üçün, əlbəttə ki, müəyyən vaxt lazım olacaq.

Bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev müsahibəsində deyib.

Federasiyanın rəsmisi bildirib ki, son illər çövkən oyunu üzrə yeni komandaların yaranması bu idman növünə marağın artdığını göstərir. Şəkidə keçirilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlarda yeni yaradılan “Ömər” və “Elit” komandalarının iştirak etməsi buna bariz nümunədir.

Çövkən yarışlarının Şəki mərhələsinin artıq uğurla başa çatdığını vurğulayan federasiyanın rəsmisi oyunların final mərhələsinin dekabrın 23-24-də Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcəyini bildirib.

Federasiyanın baş katibinin məlumatına görə, yarışın mükafat fondu 50 min manatdır. “Yarış üçün belə yüksək mükafat fondunun ayrılmasının əsas səbəbi odur ki, komandalar özlərini inkişaf etdirə bilsinlər, məşqlərini təmin etsinlər. Mükafat fondu 4 yerə bölünəcək. Yəni, yarışın final mərhələsində iştirak edən komandaların hər biri mükafatlandırılacaq”, - deyə federasiyanın rəsmisi bildirib.

Xəbər 1422 dəfə oxundu.