AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Dekabrın 20-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev Assosiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xatirə hədiyyəsi təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağı yaş kateqoriyasına daxil olan Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiqlənib. İclasda Ramin Quliyev U-17, Zaur Həşimov U-18, Vüqar Məmməd U-19, Rəşad Sadıqov U-20 və U-21 komandalarının baş məşqçi vəzifələrinə təyin ediliblər.

FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində iki, Bakı Olimpiya Stadionunun ərazisində isə bir təbii ot örtüklü standart ölçülü meydan salınacağı diqqətə çatdırılıb. Nailə Rüstəmzadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunub.

İclasda, həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi təqdimat keçirilib.

Xəbər 547 dəfə oxundu.