Peşəkar boksçu Fariz Məmmədova həsr edilən “Böyük qayıdış” filminin təqdimatı olub
Dekabrın 20-də Bakıda peşəkar boks üzrə ilk dünya çempionu olan həmyerlimiz Fariz Məmmədova həsr olunmuş “Böyük qayıdış” filminin təqdimatı olub.

Mərasimdə Milli Məclisin deputatları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Fariz Məmmədovun qazandığı nailiyyətləri yüksək qiymətləndirib və peşəkar rinqdə əldə etdiyi uğurların gənc nəslə nümunə olacağını diqqətə çatdırıb. F.Məmmədovun uşaq yaşlarından Vətənin yağı düşməndən qorunmasında böyük rəşadət göstərdiyini vurğulayan U.Mirzəyev boksçunun nailiyyətlərinin təbliğinin vacibliyini bildirib.

Filmin rejissoru Nicat Cəlilov ekran əsərinin bir ilə ərsəyə gəldiyini diqqətə çatdırıb. O, filmin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına əminliyini bildirərək Fariz Məmmədovla bağlı film çəkməsindən məmnunluğunu ifadə edib.

Digər çıxış edənlər boksçunun yüksək insani keyfiyyətlərindən, gənc idmançıların yetişməsində xidmətlərindən və ölkə idmanının inkişafına verdiyi töhfələrdən danışıblar.

Sonra film nümayiş olunub.
Ekran əsəri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər 666 dəfə oxundu.