Balakəndə yeniyetmə güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsinin açılışı olub
Dekabrın 19-da Balakən Olimpiya İdman Kompleksində yeniyetmə güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsinin açılışı olub.

Yarışda şəhər və rayonlardan, klublardan və cəmiyyətlərdən 160-dək yunan-Roma güləşçisi birincilik uğrunda mübarizə aparıb.

Əvvəlcə güləşçilərin paradı olub.

Balakən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov Azərbaycanda idmana göstərilən dövlət qayğısından, güləşçilərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. O, yarışın növbəti dəfə Balakəndə təşkil olunmasına görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Balakən idmançıları ölkəmizi beynəlxalq arenada müvəffəqiyyətlə təmsil edirlər. Avropa və dünya çempionatının mükafatçısı, “Rio-2016”da medal qazanan Rəsul Çunayev Balakən güləş məktəbinin yetirməsidir. Hazırda bu yarışda perspektivli və güclü idmançılar çıxış edirlər.

Milli komandanın heyətinin formalaşdırılması və perspektivli idmançıların yığmaya cəlb olunması istiqamətində yarışın əhəmiyyətini yüksək qiymətləndirən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. T.Eyvazov deyib ki, Azərbaycanın irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi digər ölkələrə nümunə kimi göstərilir. Beynəlxalq idman qurumları mötəbər yarışların təşkilini tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını müvəffəqiyyətlə təşkil etməklə bir daha öz qüdrətini dünyaya göstərdi. Cari ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-Prisinə və qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edib. Güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarında qazandıqları qələbələri ilə xalqımızı sevindiriblər.

Açılış çıxışlarından sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı, Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 15 çəki dərəcəsində mübarizə aparırlar.

Yunan-Roma güləşçilərinin yarışına dekabrın 21-də yekun vurulacaq. Sərbəst güləş üzrə yarışlar isə dekabrın 21-24-də Balakən Olimpiya İdman Kompleksində keçiriləcək.

Xəbər 1557 dəfə oxundu.