Sabah Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların püşkatma mərasimi keçiriləcək
Şəkinin Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlar xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə, həmçinin atçılıq turizminin təbliğinə və inkişaf etdirilməsinə xidmət edir.

Dekabrın 17-də Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların startı veriləcək. Oyunlarda Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir mədəniyyət və turizm idarələrinin təmsilçilərinin, həmçinin Bakı şəhərinin “Elit”, “Köhlən”, “Polad” və “Sərhədçi” komandalarının iştirakı nəzərdə tutulub.

Oyunların ilk günü, dekabrın 17-də Atçılıq Turizm Mərkəzində yarış iştirakçılarının qarşılanması, yerləşdirilməsi, atlara baxış və püşkatma mərasimi keçiriləcək.

Dekabrın 18-də Prezident Kuboku uğrunda milli atüstü oyunların rəsmi açılış mərasimi olacaq. Sonra 1/8 qarşılaşmalara start veriləcək.

Yarışların Şəki mərhələsi dekabrın 20-dək davam edəcək. Oyunların final qarşılaşması isə Bakıda keçiriləcək.

Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Xəbər 628 dəfə oxundu.