Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı davam edir
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.

Çempionatın ikinci günündə yunan-Roma güləşçiləri arasında 60, 67, 77, 87 və 130 kiloqram çəki dərəcələrində ilkin görüşlər keçirilir.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Xəbər 750 dəfə oxundu.