Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Dekabrın 14-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Turnirin aşılış mərasimi idmançıların paradı ilə başlayıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib ki, ölkəmizin beynəlxalq Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr respublikamızın yalnız idman sahəsində potensial imkanının deyil, həm də bu sahəyə yüksək dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov vurğulayıb ki, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illərdə paytaxt Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin idmana göstərdiyi sonsuz diqqət və qayğının nəticəsində bu gün Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ölkələr arasında layiqli yerini tutub.

Bildirilib ki, hazırda Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzində saxlanılır. Sevindirici haldır ki, bu baxımdan güləş də xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi idmançılarımız “Rio-2016” Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanıblar. Mötəbər yarışda qazanılan 18 medaldan 9-u məhz güləşçilərimizin payına düşür. S.Ələkbərov, həmçinin belə yarışların keçirilməsinin “Tokio-2020” Olimpiya Oyunlarında hazılırğı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olan, 1999-cu il təvəllüdlü və daha yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakterli yarışlarda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının heyətində çıxış edən idmançılar mübarizə aparırlar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlar Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınayırlar.

Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və ikigünlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun keçirilir.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər. Onlar, həmçinin milli komandamızın heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

İlk yarış günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 90 pəhləvan mübarizə aparır.

Azərbaycan çempionatına dekabrın 18-də yekun vurulacaq.

Xəbər 684 dəfə oxundu.