Dünya Taekvando Federasiyasının yeni reytinq cədvəlinin ilk onluğunda üç Azərbaycan idmançısı yer alıb
Dünya Taekvando Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

Dekabr üçün tərtib olunan siyahıda yığmamızın üç taekvandoçusu yer alıb.

Hesabında 435,66 xal olan “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionumuz Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində yenə də birinci pillədədir.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) 469,86 xalla reytinq cədvəlində birinci yerdə qərarlaşıb.

Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2015”in və İslamiadanın çempionu olan Ayxan Tağızadə 207,15 xalla yeddinci pillədə yer alıb.

Qeyd edək ki, reytinq xalları Dünya Taekvando Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvando qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.

Xəbər 1088 dəfə oxundu.