Daxili işlər orqanlarının əməkdaşları arasında əlbəyaxa döyüş çempionatı keçirilib
Daxili işlər orqanlarının əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində çıxış edən nazirliyin İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova bildirib ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etdi. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi bu gün göz qabağındadır. Ulu Öndərimizin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.

Daha sonra İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb.

Böyük maraqla gözlənilən yarışda idmançılar əvvəlcə nümunəvi çıxışlar göstəriblər. Sonra tam kontakt əlbəyaxa döyüş növləri üzrə turnirə start verilib.

DİN İdman Cəmiyyətində keçirilən yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 10 komandanın heyətində 80 idmançı tatami üzərinə çıxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi (DQBİ), Sumqayıt Şəhər Polis İdarəsi (SŞPİ) və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları qərarlaşıblar.

Fərdi mübarizədə isə Nurlan Hacıyev (65 kq, DİN DQBİ), Natiq Allahyarov (70 kq, DQBİ), Ənvər Nəhmətov (75 kq, BŞBPİ), Tural Süleymanov (80 kq, DİN DQBİ), Müşviq Hüseynov (85 kq, DQBİ), Tural Bayramov (90 kq, Baş Dövlət Yol Polis İdarəsi), Anar Həşimov (+90 kq, Sumqayıt ŞPİ) yarışın baş mükafatını qazanaraq çempion olublar.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyli iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın öz təcrübələrini ildən-ilə artırdıqlarını diqqətə çatdırıb. Bildirib ki, turnirin qalibləri hər il Qazaxıstanda keçirilən MDB dövlətlərinin daxili işlər orqanlarının əməkdaşları arasında təşkil olunacaq əlbəyaxa döyüş üzrə çempionata vəsiqə qazanıblar.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 541 dəfə oxundu.