Balakəndə məktəblilər arasında futzal yarışının qalibləri müəyyənləşib
AFFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolun inkişafı proqramı” çərçivəsində Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü uşaqlar (oğlanlar və qızlar) arasında futzal turniri keçirilib.

İki gün davam edən yarışın birinci günündə oğlanlar mübarizəyə qoşulublar. İlkin qeydiyyatdan sonra bütün kollektivlərə oyun qaydaları ilə bağlı geniş məlumat verilib.

Dairəvi sistem üzrə keçirilən yarışın ilk günü rayon mərkəzinin müxtəlif məktəblərini təmsil edən 9 komanda birincilik uğrunda yarışıb. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin ən güclüsü Balakən şəhərinin 3 nömrəli tam orta məktəbinin komandası olub. İkinci yeri “Qazma”, üçüncü pilləni “Katex” komandası tutub. Qalib komandaların üzvlərinə kubok, diplom və medallar verilib.

Qızlardan ibarət komandaların mübarizəsində “Tülü” bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. İkinci pilləni “Nəsimi” komandası tutub. “Qazma” isə turniri üçüncü sırada bitirib. Mükafatçılar sırasına düşən kollektivlərin üzvlərinə kubok, diplom və medallar verilib.

Futzal turnirində müxtəlif nominasiyalar üzrə fərqlənənlərə isə AFFA tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Xəbər 647 dəfə oxundu.