UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunları başa çatıb
Dekabrın 6-da “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar arasında keçirilən qarşılaşmalarla UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsində mübarizə başa çatıb.

Qitənin ən mötəbər turnirində “E” qrupunda yer alan “Liverpul” öz meydanında Moskvanın “Spartak” klubunun qapısından 7 cavabsız top keçirib – 7:0. Bununla da “Mersisaydlılar” qrupu lider kimi başa vurublar. İkinci pilləni isə səfərdə Sloveniyanın “Maribor” komandası ilə heç-heçə (1:1) oynayan “Sevilya” tutub.

“F” qrupunda keçirdiyi bütün görüşlərdə qələbə qazanan “Mançester Siti”nin məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Ukraynada qrup ikincisi “Şaxtyor” ilə qarşılaşan «Şəhərlilər» 1 :2 hesabı ilə məğlub olublar. Qrupun digər oyununda Hollandiyanın «Feyenord» klubu İtaliyanın «Napoli» komandasından üstün olub – 2 :1. Bu qrupdan «Mançester Siti» və «Şaxtyor» səkkizdəbir finala yüksəliblər. «Napoli» isə qrup üçüncüsü kimi Avropa Liqasında oynamaq hüququ qazanıb.

“G” qrupunda birinci yeri əvvəlki turda təmin edən “Beşiktaş” Almaniya səfərində “Leypsiq”in qonağı olub və rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qrupun ikinci oyunu kifayət qədər məhsuldar olub. Portuqaliyanın “Portu” komandası doğma divarlar arasında “Monako”nu 5:2 hesabı ilə üstələyib. Beləliklə, «Beşiktaş» və «Portu» klubları bu qrupdan növbəti mərhələyə keçiblər. “Leypsiq” isə Avropa Liqasında mübarizəni davam etdirəcək.

“H” qrupunun lideri “Tottenhem” ilk pillədəki yerini qorumağı bacarıb. London klubu buna öz meydanında Kiprin “APOEL” klubuna 3:0 hesabı ilə qalib gəlməklə nail olub. Qrupda ikinci sırada yer alan “Real Madrid” isə İspaniya paytaxtında “Borussiya Dortmund” ilə üz-üzə gəlib. Görüş Zidanın yetirmələrinin 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb. Beləliklə, «Tottenhem»dən sonra bu qrupdan “Real Madrid” klubu növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü dekabrın 11-də atılacaq.

Xəbər 985 dəfə oxundu.