Elxan Məmmədov: AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini çox kəskin şəkildə pisləyir
Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir. Bu proseslərdə təəssüfləndiyimiz məqamlar çoxdur. Futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir.

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, dünyanın müxtəlif ölkələrində idman oyunlarının nəticəsinin manipulyasiyası cəhdlərinə rast gəlinir. Bəzi futbol federasiyaları bununla çox ciddi mübarizə aparsa da, müəyyən federasiyalarda fəallıq yüksək səviyyədə olmur. Düşünürəm ki, biz bu mənfi hal ilə çox ciddi mübarizə aparmalıyıq və aparırıq. Bu sahədə UEFA ilə sıx əməkdaşlıq edirik.

“Assosiasiya rəhbərliyi oyunların nəticəsinin manipulyasiyası cəhdlərinin yolverilməz olduğunu, AFFA-nın buna qarşı ciddi mübarizə apardığını müxtəlif tədbirlərdə, tribunalarda dəfələrlə səsləndirib. AFFA-nın sonuncu konfransında bu məsələ ilə bağlı ictimaiyyətə təfsilatlı təqdimat nümayiş olunub, bütün detallar izah edilib, müxtəlif maarifləndirici tədbirlər keçirilib. Bu ilin noyabrında AFFA-nın inzibati binasında keçirilən növbəti tədbirdə prokurorluq təmsilçisi çıxış edərək idman oyunlarının nəticələrinin manipulyasiyasının cinayət tərkibli əməl olduğunu bir daha xüsusi vurğulayıb. Yeri gəlmişkən, bu məsələyə həssas yanaşdığı üçün hökumətimizə minnətdarlığımı bildirirəm. Çox qısa vaxt ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə əlavə edildi”, - deyə baş katib vurğulayıb.

Bu məsələnin ötən mövsüm də diqqət mərkəzində saxlanıldığını bildirən E.Məmmədov deyib: “Birinci Divizionda çıxış edən bir neçə klub, futbolçular, inzibati heyətin üzvləri, hakim sərt şəkildə cəzalandırıldı. Təəssüf ki, bu “virus” cari mövsümdə özünü Premyer Liqada da büruzə verməyə başladı. İctimaiyyət məlumatlıdır ki, AFFA-nın İntizam Komitəsi iki futbolçu və bir məşqçi barədə çox qəti və kəskin qərar qəbul edib, onlara futbol məşğuliyyəti qadağan olunub. Yeri gəlmişkən, 2016-cı ildə AFFA-nın təşəbbüsü ilə futbol klublarının bütün üzvləri idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak etməyəcəyi və bununla bağlı məlumatı olarsa, müvafiq instansiyaları məlumatlandıracağı ilə əlaqədar öhdəliklərin yer aldığı bəyannaməyə imza atıblar. İntizam Komitəsinin sanksiya tətbiq etdiyi şəxslər də həmin bəyannaməni imzalamışdılar”.

E.Məmmədov vurğulayıb ki, artıq cəzalar var, amma hər şey bununla bitmir. AFFA-nın və hüquq mühafizə orqanlarının bu istiqamətdə araşdırmaları davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər – klub idarəçiləri, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına yardım göstərir, bizimlə sıx əməkdaşlıq edirlər. Fürsətdən istifadə edib həm hüquq mühafizə orqanlarına, həm də bizimlə əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Növbəti dəfə bildirirəm ki, AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini kəskin şəkildə pisləyir və Azərbaycan futbolundan bu “virus”un kökünün kəsilməsi üçün mübarizəni davam etdirəcək.

Xəbər 930 dəfə oxundu.