Yığmamız yenə əsas qapıçısız qala bilər
Futzal üzrə Azərbaycan yığması bu gün yenidən təlim-məşq toplanışına başlayıb. Komandamızın hazırlığı aprelin 8-dək davam edəcək.

Çünki məhz həmin gün dünya çempionatına vəsiqə uğrunda Rusiya ilə cavab pley-off matçı baş tutacaq. Bakıda keçirilən ilk oyunda 2:3 hesabıyla məğlub olan Joze Alesionun yetirmələri mundiala yollanmaq üçün Tümendəki görüşdən qalib ayrılmağa çalışacaq.

Lakin komandamız deyəsən bu oyuna da əsas qapıçısız çıxacaq. Belə ki, milli toplanışa Andrey Tveryankinsiz başlayıb. Onun bu görüşdə iştirak edib-etməyəcəyinə yalnız bu gün aydınlıq gələcək. Belə ki, Tveryankinin şərəfini qoruduğu KPRF komandası bu gün Rusiya çempionatının 19-cu turu çərçivəsində CSKA ilə görüşəcək. Məhz bundan sonra qapıçının millimizin düşərgəsinə gəlib-gəlməyəcəyi dəqiqləşəcək.

Xatırladaq ki, Tveryankin ilk oyunu diskvalifikasiya səbəbindən buraxmışdı.

Xəbər 880 dəfə oxundu.