Masallıda yunan-Roma güləşi üzrə ənənəvi respublika turniri başa çatıb
Əməkdar Məşqçi, SSRİ–nin idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXIII ənənəvi Respublika turniri başa çatıb. Masallı Olimpiya İdman Kompleksində keçirilən turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

İki gün davam edən turnirdə Uşaq-Gənclər İdman məktəblərini, idman cəmiyyətləri və klubları təmsil edən 20 komandanın 200-dən çox yeniyetmə idmançısı qalib adı uğrunda mübarizə aparıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, rayon icra hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev, Rusiya Güləş Federasiyasının vitse-prezidenti Məşur Qasımov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli Elçin Cəfərov Əməkdar Məşqçi, SSRİ–nin idman ustası Nadir Ağayevin ömür yolundan və qazandığı uğurlardan danışıblar.

Çıxış edənlər ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işləri, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları qeyd edərək, yeniyetmə idmançılara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Respublika turnirinin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1240 dəfə oxundu.