Professor Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib
Dekabrın 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Elmlər Akademiyasının üzvü, texnika elmləri namizədi, professor, “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi”, “Şöhrət” və “Şərəf” ordenli Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib.

Yubiley mərasimində ömrünün böyük hissəsini ölkəmizdə idmanın və elmin inkişafına həsr edən Ağacan Abiyevin həyat və yaradıcılığına dair videoçarx nümayiş olunub. Həmçinin A.Abiyevin idmançı, hakim kimi fəaliyyəti, beynəlxalq konfranslarda çıxışları, onun bacarıqlı rəssam olmasını təsdiqləyən rəsm əsərləri də göstərilib. A.Abiyevin ulu öndər Heydər Əliyev ilə görüşlərinə və Ümummilli Liderimizin ona “Şöhrət” ordeni təqdim etməsi mərasiminə dair fotolar xüsusilə böyük maraq doğurub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyanın Əməkdar Elmi Xadimi Andrey Qudin, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Fərhad Xəlilov, Akademiyanın rektoru Fuad Hacıyev, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Milli Məclisin deputatı Hadi Rəcəbli, Azərbaycan Boks Federasiyasının vitse-prezident Süleyman Mikayılov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev və başqaları tədbirdə çıxış edərək 80 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş fədakar elm xadimi və idman ustasının həyat yolundan və fəaliyyətindən söhbət açıblar. Bildiriblər ki, Azərbaycan elminin və idmanının inkişafında xüsusi xidmətləri olan A.Abiyev həm də idmanın müxtəlif problemlərinə dair bir sıra sanballı əsərləri və tədqiqatları ilə tanınır. Peşəkar idman təşkilatçısı olan A.Abiyev Azərbaycanda Olimpiya hərəkatının təbliğində və inkişafında da mühüm xidmətlər göstərib.

Vurğulanıb ki, şərəfli ömür yaşayan A.Abiyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri ölkə rəhbərliyi tərəfindən də daim yüksək qiymətləndirilib.

Tədbirdə Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan professor A.Abiyevin ictimai-siyasi fəaliyyətinin bir sıra məqamlarına toxunulub.

Yüksək diqqətə görə dərin minnətdarlığını bildirən A.Abiyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilməsini onun fəaliyyətinə verilən ən ali qiymət olduğunu deyib. O, xalqımıza və dövlətimizə bundan sonra da ləyaqətlə xidmət edəcəyini bildirib.

Xəbər 2026 dəfə oxundu.