Bakıda budo döyüş növləri üzrə dünya kuboku yarışının açılış mərasimi keçirilib
Bakı İdman Sarayında budo döyüş növləri üzrə dünya kuboku yarışının açılış mərasimi keçirilib.

Mərasimdə Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti, 10-cu dan qara kəmər ustası türkiyəli Eyup Zafer Gökbilən çıxış edərək belə bir turnirin Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib, idmançılara uğurlar arzulayıb. O, ölkəmizdə idmanın inkişafına, o cümlədən bu turnirin təşkilinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Budo Döyüş Növləri Federasiyasına minnətdarlığını bildirib. Eyup Zafer çıxışının sonunda budo üzrə dünya çempionatının Şimali Kiprdə keçiriləcəyini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əhəd Əliyev çıxışında idmançılara uğurlar arzulayıb və rəhbərlik adından yarış iştirakçılarını salamlayıb.

Turnirdə Azərbaycan, İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan ümumilikdə 800 idmançı mübarizə aparır.

İdmançılar budo döyüş növünün semi kontakt, ful kontakt, layt kontakt, fri kontakt, S-1, B-1, F-1, silahlı kata, kata, “submission” və “self defens” versiyaları üzrə güclərini sınayacaqlar.

Yarışlara dekabrın 4-də yekun vurulacaq.

Xəbər 1248 dəfə oxundu.