Ağırlıqqaldırma seçməmiz Avropa çempionatı yolunda
Aprelin 6-16-da Türkiyənin Antalya şəhərində keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, həmn yarışda Azərbaycan milli komandaları da iştirak edəcək. Artıq heyət də açıqlanıb. Kişi idmançıların mübarizəsində ölkəmiz 5 atletlə təmsil olunacaq.

Baş məşqçi Nizami Paşayev qitə birinciliyində Valentin Xristov (56 kq), Sərdar Həsənov, Əfqan Bayramov (hər ikisi - 69 kq), Namiq Cəlilov (85 kq) və İntiqam Zairova (94 kq) şans verəcək.

Qadınların yarışında isə təmsilçilərimizdən Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Alyona Kirilova (69 kq) və Yuliya Dovqal (+75) körpücüyə çıxacaqlar. Yarış London-2012-yə lisenziya xarakteri daşıdığından kişilərlə müqayisədə, zərif cinsin nümayəndələrindən ibarət yığmamız üçün xüsusi əhəmiyyət daşıyacaq. Çünki kişilərdən ibarət millimiz 5 lisenziya qazandığı halda, qadınlardan ibarət komandamız hələlik bu arzularını gerçəkləşdirə bilməyiblər. Onlar Londona vəsiqə əldə etmək üçün, ilk “altılıq”da qərarlaşmalıdırlar.

Qeyd edək ki, Avropa çempionatında həmyerlimiz Vahid Nəzərov Azərbaycanı hakim kimi təmsil edəcək. O, həmçinin aprelin 6-7-də keçiriləcək hesabat-seçki konfransında müstəqil referi kimi Avropa Ağır Atletika Federasiyasının Texniki Komitəsinə öz namizədliyini verəcək.

Xəbər 1424 dəfə oxundu.