MOK-da anlaşma memorandumu imzalandı
Noyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və "Bir Tələbə-Könüllü” proqramı arasında anlaşma memorandumu imzalandı.

Tədbirdə Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və "Bir Tələbə-Könüllü" Proqramının əməkdaşları ilə yanaşı, müxtəlif idman federasiyalarının nümayəndələri də iştirak etdilər. Tərəflər arasında anlaşma memorandumunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və təhsil nazirinin müavini Firudin Qurbanov imzaladılar. Sənədin imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, onlarda idmana, xüsusi ilə Olimpiya Oyunlarına marağın artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılması, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək idmanın gənclərin həyatındakı vacib rolundan, ölkəmizdə könüllülük hərəkatının yaranmasından danışdı: "MOK-un könüllülərlə bağlı ilk rəsmi layihəsi 2014-cü ildə həyata keçirilib. Bu layihədə könüllülər atletika üzrə yeniyetmələrin Avropa Olimpiya təsnifat yarışında xidmət göstərdilər. O vaxt bizə yarışlarda 30 könüllü kömək etdi. İndi onların sayı 600-ə yaxındır. Azərbaycan könüllüləri I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında əsl qəhrəmanlıq göstərdilər. MOK-un 25 illik yubileyi ilə bağlı tədbirlərdə könüllülər fəallıq nümayiş etdirdilər. Bunun üçün onlara təşəkkür edirəm”.

Təhsil nazirinin müavini Firudin Qurbanov "Bir Tələbə-Könüllü" Proqramının üstünlüklərindən danışdı və Olimpiya dəyərlərinin təbliğində könüllülərin rolunu vurğuladı. O, diqqətə çatdırdı ki, tələbə könüllülərin Vətənə olan məhəbbəti, qonaqpərvərliyi ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə təşkilində mühüm rol oynayıb.

Daha sonra Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə fəal iştirak etmiş könüllülər təltif olundu.


Xəbər 1682 dəfə oxundu.