Rusiya Prezidenti futbol üzrə dünya çempionatının püşkatmasında iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin futbol üzrə dünya çempionatının final mərhələsinin rəsmi püşkatmasının iştirakçısı olacaq.

Vesti.ru saytının Kremlin mətbuat xidmətinə istinadla yaydığı məlumata görə, püşkatma mərasimi dekabrın 1-də Dövlət Kreml Sarayında keçiriləcək. Mərasimə dünya çempionatının 32 iştirakçı komandasından 30-nun baş məşqçisi də daxil olmaqla, 1300-dən çox qonaq dəvət edilib. Püşkatma nəticəsində hər bir qrupun tərkibi və oyunların (ilk 48 matçın) təqvimi müəyyənləşəcək.

Təntənəli mərasimdən əvvəl dövlət başçısının dünya futbol ulduzları ilə görüşü planlaşdırılır. Görüş iştirakçıları arasında Dieqo Marodana, Kafu, Fabio Kannavaro və digər məşhur idmançılar var.

Xatırladaq ki, futbol üzrə XXI dünya çempionatının final mərhələsi 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. Oyunların 11 şəhərin 12 stadionunda keçirilməsi planlaşdırılır.

Rusiya öz tarixində ilk dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, çempionatda ilk dəfə video-təkrar sistemi tətbiq olunacaq.

Xəbər 575 dəfə oxundu.