Azərbaycanın para-taekvando üzrə yığması Dünya Oyunlarında 12 idmançı ilə təmsil olunacaq
Portuqaliyada IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları keçiriləcək. Noyabrın 30-da başlanacaq oyunlarda oxatma, yüngül atletika, üzgüçülük, stolüstü tennis və para-taekvando idman növü yer alıb.

Dekabrın 6-da başa çatacaq Oyunlarda ölkəmizı para-taekvando milli yığma komandasının 12 üzvü təmsil edəcək.

Baş məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə noyabrın 30-da Portuqaliyaya yollanan millimizin idmançılarından Şəhmir İbadov (62 kq), Elimxan Manafov (61 kq), Nicat Müslimov (75 kq), Sadiq Həmidov (61 kq), Xəzər Mirzəyev (75 kq), Rövşən Qəhrəmanlı (61 kq), Əbülfəz Abuzərli (75 kq), İmaməddin Xəlilov (75 kq), Vüqar Adışirinov (75 kq-dan yuxarı), Hüseyn Həsənov (75 kq), Aynur Məmmədova (58 kq-dan yuxarı), Röyalə Fətəliyeva (58 kq) yarışlarda mübarizə aparacaq.

Xatırladaq ki, 2015-ci ildə Rusiyada təşkil edilən Oyunlarda para-taekvando milli yığma komandamız uğurlu çıxış edərək dörd qızıl və bir bürünc medala sahib olub. Komandamızın üzvlərindən Nicat Müslümov (75 kq), Namiq Abbasov (61 kq), Rövşən Qəhrəmanlı (61 kq) və Aynur Məmmədova (58 kq-dan yuxarı) yarışın qalibi olaraq qızıl medal qazanıblar. Aleksandr Polişuk (75 kq-dan yuxarı) isə bürünc medala layiq görülüb.

Xəbər 1547 dəfə oxundu.