Formula-1 Azərbaycan Qran-Prisinin qalibi Daniel Rikkardo Bakıda səfərdədir
Formula-1 üzrə dünya çempionatının bu ilin iyununda Bakıda keçirilən Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo ölkəmizdə səfərdədir.

O, Formula-1 üzrə dünya çempionatının başa çatmasından dərhal sonra Bakıya səfər edib. Çempionatın beşinci ən güclü pilotu seçilən D.Rikkardo ötən yay Bakı şəhər halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda yeganə qələbəsini qazanıb.

Formula-1 təqvimində yer alan ən yeni şəhər treki olan Bakı şəhər halqası Formula-1 çempionatında cari mövsümdə ən həyəcanlı və gərgin idman mübarizəsinin yaşandığı yarışa ev sahibliyi edib. Avtoidman tarixinin unudulmaz günlərindən biri sayılan bu yarışda “Red Bull Racing” komandasının pilotu möhtəşəm çıxış etdirərək podiumun ən yuxarı pilləsinə yüksəlib. Sıralama turunda keçirdiyi qəza nəticəsində yarışa 10-cu yerdə başlayan D.Rikkardo trekdə olan qırıntılara görə bolidin əyləc sisteminin həddindən artıq qızması ilə əlaqədar 5-ci dövrədə pit-stop etmək məcburiyyətində qalmışdı. Buna baxmayaraq, o, yüksək əzmkarlıq nümayiş etdirərək itirdiyi mövqeləri təkrar qazanaraq yarışı ilk sırada başa vura bilib.

Bakı trekində Luis Hamilton ilə Sebastian Fettelin toqquşması son illər Qran-Pri yarışlarında qeydə alınmış ən yaddaqalan hadisələrdən biri olub. Həmçinin 18 yaşlı Lens Strol məhz bu yarışda Formula-1 tarixində podiuma çıxan ən gənc pilot ünvanını qazanıb. Bu məqamlar Bakınln gözoxşayan mənzərəsi fonunda və Formula-1 təqvimində yer alan ən çətin treklərdən bir olan Bakı şəhər halqasında baş tutan möhtəşəm yarışı unudulmaz edib.

Daniel Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxıb. O trekin ən maraqlı yerlərinə, o cümlədən Formula-1 idmanında ən çətin döngələrdən sayılan 7,6 metrlik ən ensiz hissəyə - İçərişəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkib. Pilot Qız qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənzərəyə sahib dənizkənarı bulvara paralel olaraq uzanan “ikiistiqamətli” hissəsində də olub.

Trek gəzintisindən başqa D.Rikkardo UEFA Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası olan “Qarabağ” futbol klubunun heyəti ilə görüşüb. Pilotun ziyarəti zamanı komanda gələn həftə “Roma” ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirib. D.Rikkardo komandanın təlim-məşq bazasında meydana çıxaraq futbol bacarığını nümayiş etdirib.

Bakıda yenidən olmaqdan böyük məmnunluq duyduğunu bildirən D.Rikkardo deyib: “Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi, artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq həqiqətən də çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda, bu yarış çox əyləncəli idi. Bu Qran-Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə, - bu gün də daxil olmaqla, – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bakı həqiqətən çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam.”.

Avstraliyaliyalı pilot səfər çərçivəsində trek gəzintisi ilə yanaşı, Bakıda yerli azarkeşlər, media nümayəndələri və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kollektivi ilə görüşlər keçirəcək.

Xatırladaq ki, gələn il aprelin 27-29-da keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə dördgünlük biletlərə tətbiq olunan ilkin 20 faizlik endirim kampaniyası davam edir. Yerli sakinlərə 25 faizlik əlavə endirim təklif olunur. Qran-Priyə biletləri indidən almaq istəyənlər bu haqda ətraflı məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərlər.

Xəbər 1423 dəfə oxundu.