Minskdə idman obyektləri II Avropa Oyunlarına yüksək dərəcədə hazır vəziyyətdədir
Minskdə idman obyektləri II Avropa Oyunlarına yüksək dərəcədə hazır vəziyyətdədir.

Bunu Avropa Olimpiya Komitələrinin (AOK) Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos AOK-un Xorvatiyanın Zaqreb şəhərində işə başlayan 46-cı Baş Assambleyası zamanı bəyan edib.

Əlaqələndirmə Komissiyasının başçısı Baş Assambleya iştirakçılarına, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxa 2019-cu ilin iyununda Minskdə keçiriləcək irimiqyaslı idman forumunda neçə idman növünün təqdim olunacağı, Tokio Yay Olimpiadasına hansı idman növləri üzrə seçim aparılacağı barədə məlumat verib. Avropa Oyunlarına hazırlıq işləri və onların keçirilməsi xərclərinin necə bölünəcəyi barədə də məlumat verən S.Kapralos deyib: “AOK-un Əlaqələndirmə Komissiyasının üzvləri artıq Minskdə olub və qeyd edim ki, Belarusun paytaxtındakı idman obyektləri, infrastruktur yüksək dərəcədə hazır vəziyyətdədir. Təkcə açılış və bağlanış mərasimlərinin, habelə yüngül atletika yarışlarının keçiriləcəyi “Dinamo” stadionu istisna olmaqla. Amma stadionda yenidənqurma işləri plan üzrə gedir və şübhə yoxdur ki, bu işlər vaxtında tamamlanacaq”.

“2019-cu ilin II Avropa Oyunları Direksiyası” Fondunun direktoru Georgi Katulin başda olmaqla, Belarus nümayəndə heyəti Avropa Oyunlarının artıq məlum olan loqotipini və devizini (Bright Year, Bright You) nümayiş etdirib. Belarus nümayəndə heyətinin məruzəsinin əhəmiyyətli hissəsini Oyunların reklam kampaniyası mövzusu təşkil edib. Təşkilat komitəsi 2018-ci ilin fevralında Avropa Oyunlarının biletlərini reallaşdıracaq operatoru seçmək, apreldə isə idman yarışına bilet satışına başlamaq niyyətindədir.

“2019-cu ilin II Avropa Oyunları Direksiyası” Fondunun direktor müavini Anatoli Kotov deyib: “II Avropa Oyunlarına könüllülərin qeydiyyatı çox fəal gedir. Bu iri idman tədbirinin keçirilməsinə kömək etmək istəyənlərin sayı artıq 8 min nəfəri ötüb, hərçənd plana görə, xeyli az adam tələb olunur”.

Avropa Oyunlarını keçirmək hüququ Belarusa 2016-cı ilin oktyabrında AOK-un Minskdə keçirilən 45-ci Baş Assambleyasında verilib. II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskdə 15 idman növü - badminton, basketbol 3x3, boks, güləş (yunan-Roma, sərbəst və qadın), velosiped idmanı (trek və şose), gimnastika (idman, bədii, akrobatika, aerobika və batatda tullanma), baydarka və kanoyedə avarçəkmə, cüdo, karate, yüngül atletika, sambo, kamandan oxatma, atıcılıq (güllə və stend), stolüstü tennis, çimərlik futbolu üzrə keçiriləcək. Atletlər 189 dəst medal uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib.

AZƏRTAC

Xəbər 515 dəfə oxundu.